şənbə 17 oktyabr 2026 - 16:18
Nəcəf şəhərinin cümə imamından İraq hökumətinin mövqeyinə kəskin tənqid

Hövzə | Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi cümə namazının xütbəsində İraq hökumətini Səudiyyə Ərəbistanını müdafiə etməzdən əvvəl Yəmən xalqına qarşı davamlı bombardmanları pisləməyə çağırıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi müqəddəs Nəcəf şəhərində yerləşən Fatimiyyə hüseyniyyəsində cümə namazı zamanı etdiyi xütbədə İraqın daxili vəziyyəti, regional proseslər və beynəlxalq məsələlər də daxil olmaqla, bir sıra aktual mövzulara toxunub.

Nazirlər Kabinetinin formalaşdırılmasının başa çatdırılması, həmçinin digər nazirliklərin və əsaslandırılmamış müavin vəzifələrinin yaradılması

Seyid Sədrəddin Qəbançi xütbəsinin əvvəlində dünən nazirlərlə bağlı keçirilən səsvermədən sonra Nazirlər Kabinetinin formalaşdırılmasının başa çatdığını bildirib. O, üç digər nazirliyin, o cümlədən İqtisadiyyat Nazirliyinin, Turizm Nazirliyinin və Dövlət Nazirliyinin yaradılmasına, eləcə də Nazirlər Kabinetinin sədri üçün dörd müavin vəzifəsinin təsis edilməsinə diqqət çəkib. Halbuki İraq maliyyə böhranı ilə üzləşib və mərcəi-təqlid alimləri bundan əvvəl də dəfələrlə dövlət büdcəsinə məxsus vəsaitlərin israf edilməməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, bu nazirliklərin və baş nazir üçün müavin vəzifələrinin yaradılması hökumətin üzərinə əlavə yük qoyur və belə bir qərarın qəbul edilməsi üçün heç bir real əsas yoxdur.

İraq hökuməti Səudiyyə Ərəbistanını müdafiə etməzdən əvvəl Yəmənin bombardman edilməsini pisləməlidir

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi regional məsələlərə toxunaraq bildirib ki, İraq hökuməti husilərin, yəni Yəmənin Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanının hava limanlarına hücumunu pisləyib. O, müsəlmanların bir-biri ilə müharibə aparmasına heç vaxt razı olmadıqlarını və bunu qəbul etmədiklərini vurğulayıb. Bununla belə, qeyd edib ki, ilk növbədə, husilərə qarşı davamlı bombardmanlar pislənilməlidir. Həmçinin Səudiyyə Ərəbistanının ABŞ-in rəhbərliyi altında, İsrail, Pakistan və Türkiyənin iştirakı ilə husiləri darmadağın etmək məqsədilə yaratdığı koalisiyanın fəaliyyəti də qınanılmalıdır.

O əlavə edib ki, zülmə ilk başlayan tərəf daha zalımdır. Husilərə qarşı təcavüzə susmaq, eyni zamanda, Ər-Riyad və Dammam hava limanlarına hücumları tələsik şəkildə pisləmək təəccüb doğurur.

Qəzza, Livan və Suriyanın bombardman edilməsinin pislənilməsi və ərəb ölkələrinin susqunluğu

Müqəddəs Nəcəf şəhərinin cümə imamı vurğulayıb ki, ilk növbədə, Qəzzanın və onun əhalisinin bombardman edilməsini, Livanın cənubuna endirilən zərbələri, eləcə də Suriyanın bombalanmasını pisləmək lazımdır.

O qeyd edib ki, İsrailin baş naziri Netanyahu dünən Suriya və Livanda son dövrlərdə işğal edilmiş ərazilərdən geri çəkilməyəcəyini bəyan edib. Bütün bunlar ərəb ölkələrinin susqunluğu və heç bir qınaq olmadan baş verib.

Azərbaycanda hicabın qadağan edilməsi İslam dəyərlərinə qarşı yönəlmiş addımdır

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda ölkə üzrə bütün orta məktəblərdə şagird və müəllimlər üçün hicabın qadağan edilməsini pisləyib. O bildirib ki, Azərbaycanda əhalinin 95 faizini müsəlmanlar təşkil etsə də hökumət belə bir qərar qəbul edib və onun icrasına başlayıb. Bunun nəticəsində yüz minlərlə şagirdin, eləcə də müəllimin məktəblərdən uzaqlaşdırıldığı bildirilib.

O, qadın hüquqlarının harada olduğunu, şəxsi azadlığın harada qaldığını və fəxrlə bəhs edilən demokratiyanın hansı məna daşıdığını sual edib. Qəbançinin sözlərinə görə, demokratiya dinə qarşı istifadə olunan yalançı şüara çevrilib. O, beynəlxalq insan hüquqları təşkilatlarının harada olduğunu da soruşub.

Nəcəf şəhərinin cümə imamı İraq hökumətini bu hadisəni pisləməyə, Azərbaycanın müsəlman xalqı ilə həm qadınlar, həm də kişilərlə həmrəyliyini bəyan etməyə çağırıb.

O vurğulayıb ki, bu məsələ nə sırf yerli, nə də etnik məsələdir, əksinə, İslam dəyərlərinə qarşı yönəlmiş müdaxilədir. Həmçinin qeyd edib ki, müsəlmanların məsələlərinə əhəmiyyət verməyən şəxs onlardan sayılmır.

Dini xütbə: İqtisadi və sosial təhlükəsizliyin təmin olunmasında təqvanın rolu

Nəcəf şəhərinin cümə imamı etdiyi xütbəsində insanları ilahi təqvaya riayət etməyə çağırdıqdan sonra çıxışının mövzusunun iqtisadi və sosial təhlükəsizliyin təmin olunmasında təqvanın rolu olduğunu bildirib. O, bu mövzunu izah edərkən aşağıdakı ayələrə istinad edib.

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ

Əgər o məmləkətlərin xalqı iman gətirib (günahlardan) çəkinsəydilər, həqiqətən, onlara göydən və yerdən bərəkət qapılarını açardıq.

(Əraf surəsi, 96-cı ayə)

وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْهِمْ مِنْ رَبِّهِمْ لَأَكَلُوا مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ ۚ

Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaq­ları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər.

(Maidə surəsi, 66-cı ayə)

O, bu ayələri iqtisadi və sosial təhlükəsizliyin təmin olunmasında təqvanın əhəmiyyətini göstərən dəlillər kimi təqdim edib.

Oğurluq və yoxsulluqla bağlı dünya statistikası

Seyid Sədrəddin Qəbançi rəsmi qurumların məlumatlarına istinad edərək bildirib ki, İngiltərədə hər gün 55 min oğurluq hadisəsi baş verir və oğurlanan malların illik dəyəri 2,2 milyard funt sterlinq təşkil edir. Halbuki nəzarət və qabaqlayıcı tədbirlərə çəkilən xərclər 1,8 milyard funt sterlinqdir. Beləliklə, oğurluq nəticəsində yaranan itkilər və nəzarət, eləcə də qabaqlayıcı tədbirlərə çəkilən xərclərin ümumi məbləği ildə 4 milyard funt sterlinqə çatır.

O qeyd edib ki, dünyada 1,2 milyard insan yoxsulluq içində yaşayır. Qəbançi dünyada sənaye və kənd təsərrüfatı sahələrində əldə olunan tərəqqi fonunda bu vəziyyətin necə izah oluna biləcəyini sual edib. O, cavabında bildirib ki, dünyada iqtisadi özünütəminetməyə və sosial təhlükəsizliyə nail olmağın yeganə yolu təqvanın müəyyən etdiyi hədlərə riayət etməkdir.

İmam Sadiqin (ə) sədəqə verən oğru barədə buyurduğu ibrətamiz hekayə

Müqəddəs Nəcəf şəhərinin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi İmam Sadiqin (ə) başına gəlmiş və bir çox tarixi mənbələrdə nəql olunmuş ibrətamiz bir əhvalatı xatırladıb. Rəvayətə görə, İmam Sadiq (ə) belə buyurub:

مَرَرْتُ بِرَجُلٍ مَرَّ بِخَبَّازٍ فَسَرَقَ مِنْهُ رَغِيفَيْنِ، فَمَرَّ بِبَائِعِ رُمَّانٍ فَسَرَقَ مِنْهُ رُمَّانَتَيْنِ، فَأَعْطَى تِلْكَ الرُّمَّانَتَيْنِ وَالرَّغِيفَيْنِ إِلَى فَقِيرٍ.

Bir dəfə yol gedərkən bir nəfərlə rastlaşdım. Həmin şəxs bir çörəkçinin yanından keçərkən ondan iki çörək oğurladı. Daha sonra nar satan bir şəxsin yanından keçərək ondan da iki nar oğurladı. Ardınca oğurladığı həmin iki çörəyi və iki narı bir yoxsula sədəqə olaraq verdi.

İmam Sadiq (ə) həmin şəxsdən nə üçün belə etdiyini soruşdu. O, belə cavab verdi ki, günah bir günah sayılır, yaxşı əməlin savabı isə on qat verilir. Mən iki çörəyi və iki narı sədəqə verdikdə qırx savab qazandım. İki çörəyi və iki narı oğurladıqda isə dörd günah qazandım. Beləliklə, qırx savabdan dörd günahı çıxsaq, otuz altı savab qalır.

İmam Sadiq (ə) ona belə buyurdu:

ثَكِلَتْكَ أُمُّكَ، أَنْتَ الْجَاهِلُ بِكِتَابِ اللَّهِ، إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

Anan matəminə otursun! Sən Allahın Kitabını dərk etməyən cahil birisən. Həqiqətən, Allah yalnız təqvalı insanların əməllərini qəbul edir.

Təqva insana çıxış yolu açır və ruzisini təmin edir

Seyid Sədrəddin Qəbançi çıxışının sonunda təqvanın iki mühüm nəticəsini vurğulayıb. O bildirib ki, təqva, ilk növbədə, insan üçün çətinliklərdən qurtuluş yolu açır, ikinci olaraq isə onun ruzisinin təmin olunmasına səbəb olur. O, bu fikrini uca Allahın aşağıdakı kəlamı ilə əsaslandırıb:

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ

Kim Allahdan qorxub təqvalı olarsa, Allah onun üçün bir çıxış yolu açar və ona gözləmədiyi yerdən ruzi verər.

Qurani-Kərimin Təlaq surəsinin 2–3-cü ayələrində yer alan bu ilahi buyuruq təqvanın insanın həyatında çətinliklərdən qurtuluş yolu açdığını və ona gözləmədiyi yerdən ruzi verilməsinə vəsilə olduğunu bəyan edir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha